Wednesday, October 6, 2010

Təbrizin haqq səsi

Gəlmişəm şura Səhəndim, Savalandan soruram
Ərdəbil, Urmula Zəngan, Həmədandan soruram
Mil, Muğandan, Bakı, Dağlıq Qarabağdan soruram
Bu kül altındakı köz, bir od olarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?

Məktəbim taxtalanıbdır, açılıb dustaqlar
Kimliyim taptalanıb yüz cürə böhtan yağılar
Yasaq olmuş bu dilim, az qala kökdən dağılar
Şovinizmə, zülmə üsyan olarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?

Təbrizin Səttarı, Bağırxanı, Mir Cəfəri var
Savalan gər ucalırsa günü-gündən yeri var
Bax Səhənd heybətinə lap özü tək şairi var
Qoca Heydər babanın səbri daşarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?

Ildırımlar çaxar onda səsi dünyayə dolar
Sel olub düşməni məhv eylədiyində durular
Xalqa qan utduranın əl-qolu əlbət burular
El dəniz tək yenə də dalğalanarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?

Azər övladı yenə birləşib üsyan salacaq
Zalımı məhv eliyib bir yeni dövran quracaq
Onda azadlıq olub, heç nə yasaq olmayacaq
Şah başından yenə xalqım tac alarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?

Salehəm xalqıma mən haqqıdan iman elərəm
Xalqın uğrunda şirin canımı qurban elərəm
Düşmənin bağrına bu sözləri peykan elərəm
Şanlı bayraqla yenə ərk ucalarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?

No comments:

Post a Comment